Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 686,3 min turist gəlib

cari-ilin-yanvar-sentyabr-aylarinda-azerbaycana-dunyanin-155-olkesinden-6863-min-turist-gelib
12:16 - 16 Oktyabr

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməmiş, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olmuşdur. "Margin" Dövlət Sərhəd Xidmətinin məlumatına istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 686,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-sentyabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olmuş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib. 

2020-ci ilin yanvar-sentyabr aylarında ölkəmizə gələnlərin 28,1 faizi Rusiya Federasiyası, 24,9 faizi Gürcüstan, 18,1 faizi Türkiyə, 8,3 faizi İran, 2,1 faizi Ukrayna,1,8 faizi Hindistan, 1,7 faizi Səudiyyə Ərəbistanı, 1,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,1 faiz olmaqla Pakistan, Türkmənistan və Qazaxıstan, 1,0 faizi Küveyt, 0,9 faizi Böyük Britaniya, hər birindən 0,7 faiz olmaqla Özbəkistan, İraq və Belarus, 0,6 faizi İsrail, 5,8 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.  Gələnlərin 78,7 faizini kişilər, 21,3 faizini qadınlar təşkil edib.                                                       

Qeyd edək ki, ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,5 dəfə azalaraq 20,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,6 dəfə azalaraq 94,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,7 dəfə azalaraq 234,9 min nəfər olub. 

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,0 faizi dəmir yolu və avtomobil, 28,7 faizi hava, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.