“Funda” tibb mərkəzində vergidən yayınma halları müşahidə edilib

funda-tibb-merkezinde-vergiden-yayinma-hallari-musahide-edilib
12:28 - 21 Sentyabr

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Funda” tibb mərkəzində vergi nəzarəti tədbirləri həyata keçirib. Nəzarət tədirləri zamanı Mərkəzin direktoru Hümbətov Asim Yusif oğlu və həkim Hümbətova Lamiyə Yusif qızı mühasibatlıq və pul sənədlərinin təqdim edilməsi ilə bağlı vergi xidməti əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək operativ nəzarət prosesinin gedişatına maneçilik törədib.

Tədbirlər zamanı mərkəzdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmadığı müəyyən edilib. Həmçinin, göstərilən tibbi xidmətə görə müştəri tərəfindən ödənilən nağd pul vəsaitinin dövriyyədən yayındırılması faktları aşkar edilərək müvafiq akt tərtib edilib. Bundan başqa, 27 nəfər tibb işçisinin  əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadan işə cəlb edildiyi aşkar olunub.

Vergi orqanı əməkdaşları tibb mərkəzinin işçiləri ilə sorğu apararkən mərkəzin rəhbərliyi nəzarət prosesinə maneçilik törədərək sorğuya müdaxilələr edib. Adıçəkilən şəxslər əmək müqaviləsi olmayan 13 heyət üzvünün (onların şəxsiyyətləri müəyyən edilib) izahat verməkdən yayındırılmasına, onların tibb mərkəzindən müxtəlif yollarla kənarlaşdırılımasına şərait yaradıb. Vergidən yayınma faktlarının gizlədilməsinə yönələn hərəkətlər və aşkar olunan nöqsanlar Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən akt və protokollarla rəsmiləşdirilib. Araşdırmalar davam edir.