Gürcüstanda beynəlxalq uçuşlara qoyulan məhdudiyyətlər ləğv edilir

gurcustanda-beynelxalq-ucuslara-qoyulan-mehdudiyyetler-legv-edilir
16:09 - 22 Yanvar

Gürcüstanda beynəlxalq uçuşlara qoyulan məhdudiyyətlər fevralın 1-dən etibarən ləğv edilir.

"Margin" "İnterfaxs"a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava açıqlayıb. Natia Turnava bildirib ki, hökumət Covid-19 pandemiyası səbəbiylə beynəlxalq uçuşlarına qoyulan bütün məhdudiyyətləri ləğv edəcək:

"Fevralın 1-dən etibarən müntəzəm uçuşlara qoyulan məhdudiyyət aradan qaldırılacaq. Bu o deməkdir ki, həm Gürcüstanda fəaliyyət göstərən, həm də Gürcüstana uçmaq istəyən bütün aviaşirkətlər müntəzəm uçuşları həyata keçirə biləcəklər".

Əlavə edək ki , Covid-19 pandemiyası səbəbindən mart 21-dən etibarən Gürcüstan ilə digər ölkələr arasında müntəzəm uçuşlar tamamilə dayandırılıb. Məhdudiyyətlər yük, çarter, vətənə qayıtma, humanitar və texniki uçuşlara şamil edilməyib.

Tbilisidən müntəzəm uçuşlara qoyulan məhdudiyyət iyulun 13-dən etibarən yalnız Münhen, Paris və Riqa istiqamətində qaldırılıb və noyabr ayından etibarən daha 10 beynəlxalq istiqamət üzrə müntəzəm uçuşların davam etdirilməsinə qərar verilib. Lakin koronavirusun sürətlə yayılması ilə əlaqədar həm Gürcüstan, həm də xarici aviaşirkətlərin planlaşdırılan uçuşları ləğv edilib və ya təxirə salınıb.