İlham Əliyev: "Torpaqlarımızı işğal altında saxlayan ölkə Azərbaycan xalqının irsini məhv etmək istəyirdi"

ilham-eliyev-torpaqlarimizi-isgal-altinda-saxlayan-olke-azerbaycan-xalqinin-irsini-mehv-etmek-isteyirdi
14:44 - 13 Yanvar

Siz müharibə zamanı Azərbaycanın işğaldan azad olunmuş şəhərlərini ziyarət etmisiniz və özünüz vəziyyətin şahidi oldunuz. Hər şey tamamilə məhv edilib. Bizim bu barədə məlumatımız var idi. Çünki işğal edilmiş ərazilərdə vəziyyətlə bağlı bizdə müəyyən görüntülər var idi. Lakin səmimi desəm, biz dağıntıların bu qədər geniş vüsət almasını heç təsəvvürümüzə belə gətirə bilməzdik. Bu, onu nümayiş etdirir ki, torpaqlarımızı işğal altında saxlayan ölkə Azərbaycan mədəniyyətinin izini silmək, Azərbaycan xalqının irsini məhv etmək istəyirdi.

"Margin" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.

İlham Əliyev bildirib ki, biz açıq-aydın başa düşürük ki, bu dağıntılar birinci Qarabağ müharibəsindən sonra edilib: "Bu, müharibə zamanı edilməyib, çünki müharibə zamanı bu cür dağıntıları etmək mümkün deyil. Bu, Azərbaycan xalqına məxsus hər şeyi məhv etmək və gələcəkdə azərbaycanlıların geri qayıtmasına imkan verməmək üçün işğaldan sonra edilib. Bu, bir daha onu nümayiş etdirir ki, demək olar, 30 illik danışıqlar ərzində Ermənistanın yalnız bir məqsədi olub, bu da danışıqları sonsuz və faydasız etmək idi və bu da baş verdi. Çünki demək olar ki, bu 30 illik danışıqlar prosesində heç bir nəticə yox idi. Yalnız danışıqlar, yalnız səfərlər, yalnız bəyanatlar var idi, lakin heç bir nəticə yox idi. Bu da təcavüzkara işğal olunmuş ərazilərin tarixi, mədəni və dini mənşəyini dəyişməyə cəhd etmək imkanını verdi”.