Kommersiya banklarında depozitlər niyə azalır?

kommersiya-banklarinda-depozitler-niye-azalir
14:04 - 12 Sentyabr

Azərbaycan Respublikası Mərkəzi Bankının təqdim etdiyi rəqəmlər göstərirki, 2019-cu ilin sonu və 2020-ci ilin əvvəli ilə müqayisədə kommersiya banklarında həm manat, həm də xarici valyuta ilə qoyulan depozitlərin səviyyəsində azalma müşahidə olunmaqdadır. Manatla qoyulan depozitlərin səviyyəsində bəzi aylar üzrə artım olsa da, xarici valyuta ilə qoyulan depozitlərin səviyyəsində bu ilin bütün ayları üzrə azalma baş verib. 2020-ci ilin iyulunda kommersiya banklarında xarici valyuta ilə ifadə olunmuş depozitlərin səviyyəsi ötənilin dekabrı ilə müqayisədə 17 faiz, yerli valyutada ifadə olunmuş depozitlərin səviyyəsi isə 6 faiz daha az olub.

 

Made with Visme Infographic Maker

Koronovirus epidemiyasının doğurduğu şərtlər digər sektorlar kimi bank sektoru üzərində də öz təsirini göstərməkdədir. Təbii ki, bank sektorunun problemləri sistematik xarakterdə olub, daha əvvəl mövcud olmuş problemlərlə bağlıdır. Doğrudur bu ilin 7 ayında bank sektorunda baş verən hadisələrin heç də hamısını koronovirus böhranına bağlamaq olmaz. Sadəcə, bir qayda olaraq normal dövrlərdə o qədər də diqqət çəkməyən məsələlər, fövqəladi şərtlərin formalaşdığı zaman daha aydın üzə çıxmış olur. Bu baxımdan banklardakı depozitlərin azalmasındakı səbəblərdən biri kimi son dövrlər bir sıra bankların maliyyə vəziyyəti ilə əlaqədar lisenziyalarının ləğv edilməsi, bəziləri ilə bağlı isə oxşar gözləntilərin formalaşmasını göstərə bilərik. Bu baxımdan tənzimləyici qurumun da bank sektoru ilə bağlı problemləri doğru idarə edə bilməməsi, ictimaiyyətlə kommunikasıyanın uğurlu formada təşkil edilməməsi insanların banklara olan inamına mənfi təsir etmişdir. Lakin digər tərəfdən, koronavirus böhranına bağlı olaraq əhalinin və şirkətlərin gəlirlərindəki azalmanın da banklardakı depozitlərin azalma səbəbi olduğunu qeyd etmək lazımdır. Gəlirləri azalan bir sıra biznes müəssisələri və ev təsərrüfatları əvvəlki dövrlərdə topladıqları yığımlarını karantin dövründə xərclərin qarşılanmasına yönəltmişlər. Bir sıra bizneslərin ixrac fəaliyyətlərində pandemiya ilə bağlı olaraq meydana çıxan əngəllər onların xarici valyuta ilə əldə edilən gəlirlərinin azalması da xarici valyuta ilə qoyulan depozitlərin azalmasında rol oynamışdır.

         Depozitlərin səviyyəsindəki azalmanın nə qədər davam edəcəyi və nəyə səbəb olacağı da maraq doğurur. Təbii ki, bu gedişat bankların depozit cəlbini artırmaq üçün təklif etdikləri faizləri artırmasını şərtləndirir. Artıq bir sıra banklar kampaniyalar və s. çərçivəsində depozitorlara daha yuxarı faizlər təklif etməyə başlamaqdadır. Daha yuxarı faiz ödəyən banklar da verdikləri kreditlərin faizlərini artıra bilərlər. Bundan başqa valyuta bazarındakı dinamika, problemli əmanətlərlə bağlı məsələnin həlli vəziyyəti, ümumi iqtisadi şərait bank sektorunun yaxın gələcəkdəki vəziyyətini müəyyənləşdirəcək başlıca amillər olacaqdır.