Manat ucuzlaşacaqmı?

manat-ucuzlasacaqmi
18:54 - 13 Yanvar

Son günlər əhali arasında manatın ucuzlaşmasına dair müəyyən narahatlıq var. Bu səbəbdən də bankların qarşısında növbələr yaranıb.

İqtisadçı Rəşad Həsənov manatın dollar qarşısında ucuzlaşma riskini “Margin.az” portalına şərh edib.

Rəşad Həsənov bildirib ki, vətəndaşlar bazarda istədiyi qədər valyutanı tapmaqda çətinlik çəkirlər:

“Ötən gün ictimailəşdirilən məlumatlarda qeyd edilirdi ki, vətəndaş 40 min dolları 3-4 dollar bahasına almaq məcburiyyətində qalıb. Hazırki situasiyanı qiymətləndirsək manatın məzənnəsinin ucuzlaşmasını diqtə edən faktorlarını olduğunu söyləmək olar.  Tələb-təklif arasında olan natarazlıq faktiki olaraq manatın ucuzlaşmasını şərtləndirir. Məsələn, ötən hərracın nəticələri də manatın ucuzlaşmasına istiqamət verir. Belə ki, bazarda tələb bundan əvvəlki hərracla müqayisədə 2 dəfə çox olub. Bu göstərici ötən hərraclarla müqayisədə isə 3 dəfə çoxdur. Əslində bu şərtlər daxilində manat ucuzlaşmalı idi. Çünki tələb və təklif arasındakı nisbət birdən-birə kəskin şəkildə pozulub. Amma bizdə məzənnə bazarda formalaşmır. Azərbaycanda diqtə məzənnəsi əsas götürülür”.

Ekspert manatın məzənnəsinin bir müddət daha sabit saxlanılacağı qənaətindədir:

“Bu günlərdə, xüsusilə yeni ilin əvvəlində dünya bazarlarında neftin qiymətinin bahalaşması fonunda hökumət nefti fiskal hesablamalar zamanı 35 faiz baha qiymətə sata bilir. Bu özlüyündə  ixrac saldosuna və tədiyyə balansına dəstəkləyici faktor kimi qiymətləndirilməlidir. Eyni zamanda hökumət  yumşaq məzənnənin iqtisadi dirçəlişdə alət ola bilməyəciyini və onun fundamentinin formalaşdırmadığını da bilir. Həmçinin devalvasiyanın sosial parametrləri ciddi şəkildə pisləşdirəcəyini gözü önündə tutulduğuna görə ən azından bu ilin ilk yarısında devalvasiyanın olmayacağını söyləmək olar. Təbii ki, əgər hansısa ciddi xarici şok, neftin qiymətində kəskin ucuzlaşma olmazsa manatın ucuzlaşması da real deyil. Eyni zamanda yeni növ koronavirus iqtisadi aktivliyə ciddi təsir etməsə və vaksinlərin effektivliyi ilə bağlı şübhələr təsdiqlənməsə yaxın dövrdə devalvasiyanın olacağını düşünmürəm”.