Nadir İsrafilov: “Təhsil kreditləri bugünki problemləri həll edə bilər"

nadir-israfilov-tehsil-kreditleri-bugunki-problemleri-hell-ede-biler
18:11 - 22 Yanvar

Təhsil naziri Emin Əmrullayev  bu gün keçirilən brifinqdə təhsil haqqlarının aşağı olduğunu söyləyib. Amma fakültələr üzrə illik ödəniş qiymətlərinə baxsaq, müxtəlif rəqəmlər görə bilərik. Maraqlıdır bu qiymətlər hansı meyarlar əsasında təyin olunur?

Mövzu ilə bağlı “Margin.az” portalının suallarını təhsil eksperti Nadir İsrafilov cavablandırıb. Ekspert təhsil haqları ilə bağlı məsələlərin gündəmdə olduğunu deyib:

“Hazırda elə təhsil müəssisəsi var ki, orada əksər fakültələr üzrə təhsil haqqları həddən artıq yüksəkdir. Bəzi univeristetlərdə bu qiymətlər dünyanın tanınmış universitetlərinin göstəriciləri ilə müqayisə edilir. Hətta bildirilir ki, dünya təcrübəsi ilə müqayisədə bizdə qiymətlər xeyli aşağıdır. Ona görə də qiymətlər ilbəbil artır”.

Ekspert bildirib ki, fakültələr üzrə təhsil haqqlarının təyin olunma meyarları əsilində mübahisəli məsələdir:

“Ona görə də dəfələrlə gündəmdə müzakirə mövzusuna çevrilir. Bəzi universitetlər qiymətlərin Tarif Şurası tərəfindən müəyyən edildiyini söyləyir. Tarif Şurası isə açıqlama verib ki, bu universitetlərin daxili məsələsidir. Bu gün minlərlə tələbə var ki, yüksək balla universitetə daxil olmağına baxmayaraq ödənişə görə ali təhsil ala bilməyib. Universitetlərdə müəyyən güzəştlər edilsə də tələbələr bu ödənişi ödəməkdə çətinlik çəkir. Ona görə də “Təhsil Kreditləri haqda Qanun”un qəbul edilməsi vacibdir. Nazirlik tələbələrə bu ödənişlərin  hissə-hissə ödəmək haqda güzəştlər edib. Amma bəzi universitetlər tələbələrə güzəştə getmək istəmir. İndi ali  təhsil hamı üçün əlçatan olmalıdır. Bunun üçün də təhsil haqları əlçatan olmalıdır. Məsələnin həlli üçün ən optimal variant isə təhsil kreditlərinin verilməsidir”.