Neft bazarında nə baş verir?

neft-bazarinda-ne-bas-verir
13:07 - 13 Yanvar

Neft bazarında son dövrlərdə “qara qızıl”ın qiymət artımı tendensiyası müşahidə edilir.

Qiymət artımının əsas  səbəblərini Enerji məslələri üzrə ekspert Emin Axundzadə “Margin.az”a şərh edib. Ekspert bildirdi ki, neft bazarında qiymət artımına təsir edən əsas faktor  koronavirus vaksininin ABŞ, Böyük Britaniya, Kanada və digər böyük ölkələrdə tətbiqi, eləcə də müsbət nəticələrin əldə edilməsidir:

“İkinci bir səbəb isə hasilatın artırılmasına dair OPEC+ formatında qəbul edilən qərarlardır. Yanvar ayında hasilatın əlavə olaraq 1,9 milyon barel artırılacağı gözlənilirdi, amma hasilatın 500 min barel həcmində artırılmasına dair qərar verildi”.

E.Axundzadə vurğulayıb ki, son dövrlərdə koronavirusun mutasiyaya uğramış yeni növünün aşkarlanması bazarda müəyyən narahatlığa səbəb olub:

“Avropanın bəzi ölkələrində sərt karantin rejiminin tətbiqinə başlanıldı. Bu mənada Rusiya, Qazaxıstan, İraq kimi OPEC+ ölkələri hasilatın böyük həcmdə artırılmasını dəstəkləsə də buna razılıq verilmədi. Nəticədə bazarlar bu qərara müsbət reaksiya verdi. Bununla yanaşı Səudiyyə Ərəbistanı könüllü olaraq fevral və mart ayında hasilat həcmlərinin 1 milyon barel azaldacağını elan etdi. Bu da təbii olaraq bazar tərəfindən müsbət qarşılandı və nəticədə qiymətlərdə artım dinamikası müşahidə edildi. Bu qərar eyni zamanda bazarda izafi neft həcmlərinin yığışdırılması baxımından əhəmiyyətli rol oynadı”.

Ekspert Co Baydenin pzidentlik dönəmində ABŞ-da iqtisadi təşviq paketinin həyata keçiriləcəyini də proqnoz edir:

“Burada  trilyon dollar həcmində bir təşviq paketdən söhbət gedir. Bu da dünyanın bir nömrəli iqtisadiyyatının daha sürətli şəkildə bərpa olunması və iqtisadi aktivliyin güclənməsi və  neftə olan tələbatın artacağı deməkdir. Bu gün açıqlanan rəqəmlərə görə ötən həftə ABŞ anbarlarında saxlanılan neft ehtiyatları  5,8 milyon barel azalıb. Lakin gözləntilər daha aşağı - təqribən 2,5 milyon barel idi. Bu azalma tendensiyası artıq beş həftədir ki davam edir. Bu müddət ərzində ABŞ-da hasilat həcmi stabil - gündəlik olaraq 11 milyon barel təşkil edib. Nəticədə daxil bazarda neftə olan tələbatın və qiymətlərin artan dinamikası müşahidə edilir. Ümumilikdə qısa müddətli dövr üçün proqnozlar nikbindir. “Bank of America”  qiymətlərin 60, Goldman Sachs isə 65 dollaradək bahalaşacağını ehtimal edir”.