Neftin qiyməti daha da bahalaşa bilərmi?

neftin-qiymeti-daha-da-bahalasa-bilermi
11:55 - 04 May

Son bir neçə həftə ərzində neft qiymətlərindəki əhəmiyyətli artıma baxmayaraq, tələbin qeyri-müəyyənliyi qiymətlərə təsir etməyə davam edir. Dünyanın üçüncü ən böyük neft istehlakçısı Hindistanda ümumi yanacaq tələbi 2019-cu ilin aprel ayı ilə müqayisədə 7% azalıb. Bundan əlavə, ölkədə koronavirusa yoluxma saynın kəskin artması da neft tələbində qeyri-müəyyənliyi artırır.

"Margin.az" "Oil Price"a istinadən xəbər verir ki, son zamanlar bəzi investisiya bankları, xam neft qiymətlərinin bu ilin ikinci yarısında 80-85 dollar səviyyəsinə çata biləcəyini proqnozlaşdırırlar. Çünki Avropa və digər ölkələrdə COVID-19 məhdudiyyətləri ləğv edilir və səyahətlər artır.Məlumata görə, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artırmaması neft qiymətlərini dəstəkləyə bilər.

Qiymətlərin indiki səviyyələrdə uzun müddət qalmamasının bir neçə səbəbi var. Birincisi, beynəlxalq aviasiya fəaliyyəti bərpa olsa belə, bu il aviasiya yanacağı tələbinin pandemiyadan öncəki səviyyəsinə çatması gözlənilmir. Energetika İnformasiyası Administrasiyası (EIA) neft tələbinin pandemiyadan əvvəlki səviyyəsinə 2023-cü ildə çatacağını proqnozlaşdırır.

Xam neft bazarları üçün ən böyük təhdidlərdən biri, qiymətlərin davamlı artmasının qlobal neft tələbinə təsir göstərməyə başlayacağı və "OPEC"ə üzv olmayan ölkələrdən, xüsusən də ABŞ-dan daha çox neft tədarükünü stimullaşdırmasıdır. Hal-hazırda ABŞ-da neft hasilatı il ərzində 10,90 - 11 milyon barel səviyyəsindədir. Yenə də qiymətlərin daha da artması, şübhəsiz ki, ABŞ-dakı şist neft istehsalçılarını istehsallarını artırmağa təhrik edəcəkdir. Bildirilib ki, ABŞ-ın neft ehtiyatları ötən həftə 100 min barel artıb.

Digər tərəfdən İran ABŞ-ın sanksiyaları ləğv edildikdən sonra 2,5 milyon barel neft ixrac etməyi hədəfləyir. Araşdırmalara görə, bu proseslər davam etsə, neft qiymətlərində dəyişiklik gözlənilir.