"OPEC+" ölkələri sentyabrda gündə 7,85 milyon barel nefti çıxarmağa müvəffəq olub

opec-olkeleri-sentyabrda-gunde-785-milyon-barel-nefti-cixarmaga-muveffeq-olub
13:39 - 15 Oktyabr

2020-ci ilin sentyabr ayında neft hasilatını azaltmaq məqsədilə "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması üzrə sazişin icra nisbəti 102%-ə çatıb. Avqustda bu göstərici 101%-ə bərabər olub.

"Margin" xəbər verir ki, bu barədə "OPEC+" texniki komitəsinin bugünkü iclası üçün hazırlanan hesabatda bildirilir.

Sentyabr ayında OPEC ölkələri bu razılaşma çərçivəsində öhdəliklərin 105%-ni, qeyri-OPEC ölkələri isə 97%-ni yerinə yetirib.

Beləliklə, alyans ölkələri ötən ay bazardan gündə 7,85 milyon barel nefti çıxarmağa müvəffəq olub. Bunlardan OPEC-in 10 ölkəsinin payına gündəlik 5,1 milyon barel, qeyri-OPEC ölkələrin payına isə 2,73 milyon barel düşüb.

İcranın nəticələrini əks etdirən hesabat "OPEC+" nazirlərin monitorinq komitəsinin 19 oktyabr tarixində video-bağlantı formatında keçirilməsi planlaşdırılan iclasda nəzərdən keçiriləcək.

Qeyd edək ki,Azərbaycan sentyabrda sutkalıq xam neft hasilatını 133 min barel azaldıb və bununla da ölkə sentyabrda "OPEC+" üzrə öhdəliyini artıqlaması ilə (101,5%) yerinə yetirib.