Özbəkistanda yeni qaz yatağı aşkarlanıb

ozbekistanda-yeni-qaz-yatagi-askarlanib
16:52 - 16 Oktyabr

Özbəkistan Respublikasının cənubunda 17,2 milyard kubmetr qaz və 1 milyon tondan çox qaz kondensatı ehtiyatı olan yeni yataq aşkar edilib.

“Margin” xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın “Epsilon Development Company” şirkəti bildirib.

Məlumata əsasən, yeni yataq Kaşkadarya bölgəsindəki Kultak-Kamaşinski bloku ərazisində kəşf edilib.

Bundan əvvəl, 2019-cu ildə “Epsilon” şirkəti Özbəkistanda işlənən yataqlardakı qaz ehtiyatlarını 21 milyard kubmetr,neft ehtiyatlarının isə 4,6 milyon ton artırdığını bildirib.

“Özbəknefteqaz” şirkəti ildə 70 milyard kubmetr həcmində qaz və ildə 8 milyon ton həcmində maye karbohidrogen istehsalını təmin etməyə qadirdir. Lakin ehtiyatların tükənməsi və texnoloji itkilər səbəbindən karbohidrogen istehsalı son 15 ildə xeyli azalıb. Statistikaya görə, Özbəkistanda 2019-cu ildə neft hasilatı illik ifadədə 6,3% azalaraq 698,6 min tona, qaz hasilatı isə 1,6% azalaraq 59,46 milyard kubmetr təşkil edib.