Xidmət sektoru bərpa olacaqmı?

xidmet-sektoru-berpa-olacaqmi
16:16 - 11 Sentyabr

Pandemiyanın daha çox zərər vurduğu iqtisadi sektorların başında xidmət sahəsi gəlməkdədir. Xidmət sektorunun gerilməsində başlıca səbəblər kimi bizneslərin fəaliyyətinə məhdudiyyət yaradan karantin qaydaları, koronovirus böhranı ilə əlaqədar əhalinin gəlirlərinin azalması, bəzən isə təhlükəsizlik məqsədilə vətəndaşlar tərəfindən bir sıra xidmətlərdən imtina  olub. Real göstəricilərlə baxsaq, 2020-ci ilin yeddi ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 2,8 faiz azalıb və cari qiymətlərlə 40 milyard manat təşkil edib. Qeyri-neft-qaz sektorunda əlavə dəyər istehsalı 1,6 faiz, neft sektorunda isə 4,5 faiz azalıb. Bu dövrdə istehsal sənaye məhsullarının ümumi həcmi 2,7 faiz azalıb. Sənaye məhsullarının ümumi həcminin azalması neft-qaz sektorunda məhsul istehsalının 4,3 faiz azalması hesabına baş verib.

Made with Visme Infographic Maker

Bu dövrdə əhaliyə göstərilən ödənişli xidmətlər nəqliyyat sektorunda sərnişin daşıması istisna olmaqla, digər bütün sahələrlə müqayisədə daha kəskin xarakter alıb. Cari ilin yanvar-iyul aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyərində 22.2 faiz, sərnişin daşıma xidmətlərinin dəyərində isə 31.6  faiz azalma baş verib. Eyni dövrdə pərakəndə ticarət dövriyyəsinin dəyərində də 2.1 faizlik azalma qeydə alınıb. Bu isə təbii ki, xidmət sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin gəlirlərinin azalmasına, sektordakı məşğulluğun aşağı düşməsinə səbəb olub. Bir sıra bizneslər bu dövrdəki itkilərini online satış vasitəsilə kompensasiya etməyə çalışsalar da, adekvat ola bilməyiblər.

Xidmət sektorunun pandemiya dövründəki çətinliklərini mərkəzi bankın təqdim etdiyi işgüzar fəallıq indeksləri də göstərir. Avqust ayında xidmət sektorunda biznes şərtləri, faktiki tələb və gözlənilən tələb kimi amilləri ümumiləşdirən xidmət inam indeksi -4.9 olub. Bu isə ötən üç ayda xidmət sektorunda biznes şəraitinin, faktiki tələb və tələb gözləntisinin zəif olmasını göstərməkdədir. Əlavə edək ki, iyul ayında təqdim edilən xidmət inam indeksi -10.4 səviyyəsində olub. Avqus tayında bir sıra xidmət sahələrinin fəaliyyətini qismən bərpa etməsi və karantin şərtləri ilə bağlı müsbət gözləntilərin formalaşması indeksin müəyyən qədər artmasına səbəb olub. İyul ayında xidmət sektorunda tələb gözləntisini göstərən indeks 0.8 idisə, avqust ayında bu indeks artaraq 11.8 səviyyəsinə yüksəlib. Bu isə təbii ki, koronovirus pandemiyasının yayılma sürətinin zəifləməsi və tətbiq olunan karantin şərtlərinin tədricən yumşaldılması meyilləri ilə bağlıdır.

Statistika Komitəsinin məlumatına əsasən, ilk yeddi ayda xidmət sektorunda 1 faizlik qiymət artımı müşahidə olunub. Mərkəzi Bankın işgüzar fəallıq indeksləri isə növbəti üç ayda xidmət sektorunda qiymətlərin enişi ilə bağlı gözlənti təqdim etməkdədir.

Xidmət sektoru karantin qaydalarında tətbiq edilən yumşalmaların təsirilə öz fəaliyyətini əsasən bərpa edəcək, lakin bu sahənin yenidən əvvəlki səviyyədə canlanması əhalinin xidmət sahələrinə olan tələbi əsasında formalaşacaq. Əhalinin xidmət sahələrinə olan tələbi ümumi iqtisadi şərait və real gəlirlər kimi amillərin təsiri ilə müəyyənləşəcək. Burada bir neçə ay ərzində maliyyə itkiləri ilə qarşılaşmış xidmət sektoru bizneslərinin bərpa dövründə izləyəcəkləri qiymət siyasəti də təsirli olacaq. Əgər bizneslər ötən dövrdəki itkilərini bərpa etmək məqsədilə qiymətləri artırsalar, bu, onsuz da xidmət tələbinin artımına məhdudiyyət formalaşdıra bilər. Yox, əgər xidmət sektorundakı bizneslər, xüsusilə də kiçik və orta subyektlər, ötən dövrdə baş verən itkiləri bərpa etmək üçün qiymətləri artırmasalar, bəzi sahələrdə xidmət keyfiyyətinin aşağı düşməsini müşahidə edə bilərik.